Əziz dostlar, bugun sizinlə Azərbaycanın bir çox bölgəsinin sevimli xörəyi olan Toyuq çığırtmasının bişirilmə reseptini paylaşacam. Bu yeməyə bəzi rayonlarımızda yumurta da əlavə edirlər. Mən yumurtasız bişirdim.
Toyuq çığırtması
Bizə lazım olacaq ərzaqlar bunlardır:
- 1 ədəd toyuq
- 4 ədəd kartof
- 3 ədəd soğan
- 3 ədəd pomidor
- Kərə yağı
- Duz, istiot, sarıkök
Hazırlama prosesi:
Öncə toyuğu dərisindən ayırıb, yaxşıca yuyub, kiçik hissələrə ayırırıq. Xırda doğranmış soğanı bol kərə yağında qızardırıq. Soğan qızılı rəng alanda üzərinə rəndələnmiş pomidoru töküb, biraz da qızardırıq. Pomidorun suyu çəkiləndə toyuğun hissələrini və üzərinə çıxanadək su töküb bişiririk. Toyuqlar bişənə yaxın üzərinə təmizlənib, doğranmış kartof, duz, bibər və istədiyiniz ədviyyatı da əlavə edə bilərsiniz. Əmin olun ki, çığırtma zəfəranla da çox ləzzətli alınır. Kartoflar da bişəndəndən sonra yeməyimiz hazırdır, isti halda süfrəyə verə bilərsiniz. Nuş olsun!