Mastika
İlıq suya jelatin töküb, qarışdırın. Tam həll olmağını gözləyin. Kütləni mikrodalğalı sobada təxmini 8 saniyə saxlayın ki, qızsın (qaynatmaq olmaz yoxsa atmaq lazım gələcək). İsti jelatinə qlükoza və qliserin töküb, qarışdırın. Qarışımın üzərinə yavaş-yavaş qarışdıraraq şəkər kirşanı səpin. Qaşıqla qarışdırmaq tam mümkünsüz hala gələndə, artıq kirşan xəmirə səpərək, əllə yoğurun. Xəmir hamar və ələ yapışmayan hala gələndə tam hazır sayılır. Bu xəmirə müxtəlif qida rəngləri qatmaq olar. Mastikanı sellofana büküb, 2 həftəyədək soyuducuda saxlaya bilərsiniz. İstifadə üçün çıxardanda isə, otaq temperaturuna gətirin.

Marzipan
Marzipan xəmiri hazırlamaq üçün badam ləpələrini ilıq suda saxlayıb, qabıqlarından təmizləyin. Sonra 2 dəqiqə ərzində quru tavada qarışdırın ki, nəm qalmasın. Sonra ləpələri blenderlə əzib un halına gətirin. Ya da mağazalardan hazır badam unu alın. Şəkər tozu və suyu ocağın üzərində qaynadıb, sirop hazırlayın. Sirop o həddə qədər bişməlidir ki, əlinizlə yuvarlayıb, xırda toplar düzəltmək mümkün olsun. Lakin diqqət edin ki, sirop karamel qatılığınadək bişməsin. Siropa badam unu töküb, badam esensiyası damcıladın. Əvvəlcə xəmir duru olacaq. Lakin ocağın üzərində 2-3 dəqiqə qaynatdıqdan sonra qatılaşıb, istədiyiniş tərkibi alacaq. Hazır marzipan əlinzdə ovulursa üzərinə azca su əlavə edib, yoğurun. Həmçinin ona istədiyiniz qida rəngi də qata bilərsiniz. Bu reseptlə hazırlanmış xəmiri doğrayıb, konfet kimi də nuş edə bilərsiniz. Marzipanı sellofana büküb, saxlayın, yoxsa quruyub, istifadəyə yararsız hala gələ bilər.
