1 iyul 2016-ci il Azərbaycan kulinariyası tarixinə qırmızı hərflərlə yazıldı. Belə ki, məhz bu tarixdə vətənimiz dünyada ilk "Dolma festivalı"na ev sahibliyi etdi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn bu milli mətbəx bayramı, ölkəmizdə səfərdə olan xarici qonaqların da dərin marağına səbəb oldu. 300-dən çox dolma çeşidi nümayiş olunan sərgidə, 24 rayon və xarici ölkə aşpazları iştirak etdilər. Festival çərçivəsində "Ən yaxşı xarici təqdimat", "Ən maraqlı tarixi qeyri-adi dolma" ,"Ən yaxşı rayon süfrəsi" ,"Ən yaxşı dolma" , "Ən çox medal toplayan rayon" kateqoriyalarında mükafatlandırma da baş tutdu. Sərgidə göbələk, kartof, alma, heyva, soğan dolmalarına, moruq, gicitkən, ispanaq, heyva, dəvədabanı yarpaqlarına bükülmüş dolmalara hətta ilanbalığı dolmasına da rast gəlmək olardı. Festivalın ən maraqlı dolma növü isə dolma kababı oldu.
Şübhəsiz ki, zəngin və qədim mədəni irsimizə şahidlik edən dolma çeşidlərinin araşdırılıb, üzə çıxarılması, dünyada Azərbaycan dolması kimi tanınmasında ölkənin baş kulinarı Tahir Əmiraslanov və onun komandasının böyük əməyi var. T. Əmiraslanov festival zamanı onu da qeyd etdi ki, bu qəbildən olan festivallar ölkəmizdə mütəmadi şəkildə keçiriləcək. Yaxın günlərdə bizi Şəkidə keçiriləcək "Beynəlxalq Şirniyyat festivalı, daha sonra isə Lənkəranda baş tutan, 200-dən artıq aş növü nümayiş etdiriləcək "Plov festivalı gözləyir. Bu festivalların keçirilməsi milli kulinariyamızın təbliği ilə yanaşı, turizm sahəsinin də inkişafına təkan verəcək.